Ed Ketmal: “Biznesə rəhbərlik edən şəxslər eksperimentlər etməkdən çəkinməməlidir”

Baş səhifə
Biznes

  • 30 sentyabr, 2025
  • 11:30
Ed Ketmal: Biznesə rəhbərlik edən şəxslər eksperimentlər etməkdən çəkinməməlidir

Biznesə rəhbərlik edən şəxslər eksperimentlər etməkdən çəkinməməlidir.

“Report” xəbər verir ki, bunu “Pixar Animation Studios”un həmtəsisçisi Ed Ketmal “PAŞA Holding”in təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025-in ikinci günündə deyib.

Onun sözlərinə görə, bizneslə məşğul olan insanlar çox çətin yolu seçirlər: “Əgər onlar asan yolu seçsələr, hər kəsin məşğul olduğu işi görəcəklər. Amma çətin istiqamət seçsəniz, özünüzü fərqli yollarla düşünməyə məcbur edirsiniz və cavabın nə olduğunu bilmədiyiniz üçün başlanğıcda fəaliyyətin mənfi istiqamətdə getdiyi görünə bilər. Buna görə də eksperimentlərdən çəkinməmək lazımdır”.

O qeyd edib ki, biznesmenlər yaxşı olduğunu düşündüyü insanları işə götürməyə çalışırlar: “Amma hər hansı iş “təcrübəli komanda tərəfindən edilməlidir” anlayışı işləri yavaşladır. Siz həmişə haqlı olmaya bilərsiniz. Bu, sizin eksperimentinizin bir hissəsidir. Beləliklə, işçilərin müəyyən hissəsi vəziyyətə uyğunlaşmır. Onlar pis insanlar deyillər, səhv edirlər. Amma onlar cəhdlər də edirlər. Əgər fərqli baxışları olan bütün bu insanlar bir yerdə problemləri həll etməyə çalışırlarsa, bu zaman bəzi parlaq ideyalar ortaya çıxır”.