
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”
QSC-nin Bakı Beynəlxalq Dəniz Limanının ərazisində yüklərin
sənədləşməsinə xidmət göstərən Vahid Keçid Mərkəzi istifadəyə
verilib.
Trend xəbər
verir ki, bu barədə ADY-dən məlumat verilib.
Bildirilib ki, yeni mərkəzdə Dövlət Gömrük Komitəsi, Dövlət
Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, “Azərpoçt”, həmçinin
ekspeditor şirkətlər birgə fəaliyyət göstərəcək. Beləliklə,
əvvəllər müxtəlif məsafələrdə yerləşən xidmət məntəqələri vahid
mərkəzdə cəmləşəcək ki, bu da yük sahiblərinə və daşıyıcı
şirkətlərə sənədləşmə prosesini daha sürətli və rahat şəkildə
həyata keçirməyə imkan yaradacaq:
“Həmçinin liman ərazisində yüklərin sənədləşməsində iştirak edən
tərəflərin vahid mərkəzdə xidmət göstərməsi təkərli nəqliyyat
vasitələrinin (vaqon xaric) sənədləşməsi üçün tələb olunan müddəti
2 saatdan 1 saatadək qısaldacaq. Eyni zamanda, bir blok-qatarın
sənədləşməsinə sərf olunan vaxt 4 saata, ekspeditorların sənəd
dövriyyəsi 2 saata, ödənişlərin ödənilməsinə sərf edilən vaxt isə 1
saatdan 8 dəqiqəyə qədər azalacaq”.

