Məhkəmə Saakaşvili ilə bağlı qərar verib, 9 milyon lari büdcəyə qaytarılacaq

Baş səhifə
Region

  • 29 sentyabr, 2025
  • 13:00
Məhkəmə Saakaşvili ilə bağlı qərar verib, 9 milyon lari büdcəyə qaytarılacaq

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ilə bağlı qərar qəbul edib.

Məhkəmə Maliyyə Nazirliyinin iddiasını təmin edərək, dövlət büdcəsindən mənimsənildiyi deyilən 9 milyon larin geri qaytarılmasına qərar verib. Qərara əsasən, Saakaşvili və Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Teimuraz Janaşiya dövlətə ümumilikdə 9 milyon lari ödəməlidirlər.

Bu qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Aleksandre Gzirişvili elan edib.

Xatırladaq ki, hər iki şəxs Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin ikinci və üçüncü bəndləri ilə – “vəzifə səlahiyyətlərindən istifadə etməklə, qrup halında böyük məbləğdə vəsaitin qanunsuz mənimsənilməsi” ittihamı üzrə məhkum olunmuşdu. Bu iş üzrə Saakaşviliyə 8 il həbs cəzası, Janaşiyaya isə 300 min lari cərimə kəsilmişdi.

Daha sonra dövlət onların əleyhinə məşhur “Pincaklar işi” çərçivəsində məhkəməyə mülki iddia qaldırmış və büdcəyə dəymiş ziyanın ödənilməsini tələb etmişdi.

MƏLUMAT YENİLƏNİR