
Bakı. Trend:
Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir, Zəngəzur
Dəhlizinin istifadəyə verilməsi isə bu rolu daha da
möhkəmləndirəcək.
Trend xəbər
verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
O vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji
regional mərkəz rolunu daha da gücləndirir: “Müasir infrastruktur –
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və
yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara
birbaşa çıxış və səmərəli logistika həlləri yaradır”.
S. Bəşirli eyni zamanda qeyd edib ki, enerji siyasəti
Azərbaycanın həm inkişafının, həm də beynəlxalq nüfuzunun əsas
dayağı olaraq qalır: “Ölkəmiz həm ənənəvi resurslarda, həm də
bərpaolunan enerji sahəsində etibarlı tərəfdaşdır. İri miqyaslı
günəş və külək layihələri, eləcə də Qarabağ və Şərqi Zəngəzurda
yaradılan “yaşıl enerji zonası” Azərbaycanın qlobal enerji
keçidində fəal iştirakını təmin edir”.

