
Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına
son səfəri zamanı BMT Baş Assambleyasının 80-ci sessiyasında da
çıxış edib. Prezident İlham Əliyev çıxışı zamanı bir sıra
məsələlərə toxunub.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O qeyd edib ki, Prezidenti İlham Əliyev çıxışında 30 ilə yaxın
davam edən işğal dövründə Ermənistanın törətdiyi ədalətsizlikləri
vurğulayıb.
“Azərbaycan prezidenti Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasının qətnamələrinə əsaslanaraq 2020-ci ildə 44 günlük Vətən
müharibəsini apardığını və bu müharibənin nəticəsində Azərbaycanın
ərazi bütövlüyünü bərpa etdiyini bildirir. Bu, beynəlxalq
auditoriyaya Azərbaycanın güc tətbiqini hüquqi çərçivədə
əsaslandırmaq üçün ünvanlanmış ciddi bir mesajdır. Nitqdə həmçinin
postmüharibə dövründə sülh təşəbbüsləri, iqtisadi bərpa, COP29
çərçivəsində iqlim liderliyi və enerji təhlükəsizliyində
Azərbaycanın artan rolu ön plana çəkilir. Eyni zamanda,
Azərbaycanın regional və qlobal əməkdaşlığa açıq və sülh yönümlü
siyasəti nümayiş etdirilir. Prezident İlham Əliyev beynəlxalq
hüququn icra olunmamasını və ATƏT-in Minsk qrupunun səmərəsiz
fəaliyyətini tənqid edir.”
A. Qarayev qeyd edib ki, Vətən müharibəsinin uğurla başa
çatmasından sonra Azərbaycanın sülh təşəbbüsləri, xüsusilə
Ermənistanla münasibətlərin normallaşdırılması və ABŞ-ın
vasitəçiliyi ilə əldə olunan yeni razılaşmalar təqdim olunur.
“Vaşinqton Sammiti çərçivəsində imzalanmış sənədlər və “Tramp
Marşrutu” kimi regional layihələr davamlı sülh və əməkdaşlıq üçün
mühüm addımlar kimi göstərilir. Nitqdə həmçinin Azərbaycanın enerji
təhlükəsizliyindəki rolu, iqlim dəyişikliyinə qarşı COP29-da
liderlik fəaliyyəti və iqtisadi inkişaf nailiyyətləri qeyd edilir.
Humanitar yardım, mina təhlükəsi və ekoloji çağırışlar kimi
məsələlər də diqqətə çatdırılır. Ümumilikdə, nitq Azərbaycanın
müharibədən sülhə doğru keçidini, beynəlxalq hüquqa sadiqliyini və
konstruktiv əməkdaşlıq mövqeyini nümayiş etdirir.”
Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına son səfəri
zamanı dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə
keçirdiyi görüşlər, Azərbaycanın beynəlxalq maliyyə məkanında
möhkəmlənən mövqeyini və qlobal investisiya mühitində artan
strateji əhəmiyyətini əks etdirən mühüm hadisədir.
Politoloq bildirib ki, bu görüşlər təkcə diplomatik və iqtisadi
protokol çərçivəsindəki adi təmaslar deyil, eyni zamanda,
Azərbaycanın hazırda hansı səviyyədə qlobal maliyyə oyunçularının
radarında olduğunu göstərən ciddi indikatorlardır.
“İlk növbədə, burada diqqətçəkən əsas məqam görüşlərin
təşəbbüskar tərəfin – yəni “Blackstone”, “Brookfield Asset
Management” və “Neuberger Berman” kimi maliyyə nəhənglərinin –
olmasıdır. Bu qurumların hər biri yalnız kapital həcminə görə
deyil, həm də qlobal iqtisadi trendlərin formalaşmasında oynadığı
rol baxımından liderlər sırasındadır. Onların Prezident İlham
Əliyevlə birbaşa görüşə can atması, Azərbaycanın iqtisadi
potensialına və regional roluna verdikləri yüksək qiymətin bariz
nümunəsidir.
Bu şirkətlər təkcə trilyonlarla dollar dəyərində aktivləri idarə
edən qurumlar deyil, eyni zamanda, strateji sektorlara – daşınmaz
əmlak, infrastruktur, rəqəmsal texnologiyalar, yaşıl enerji,
səhiyyə və təhsil sahələrinə – yönəlmiş investisiya siyasəti ilə
seçilirlər. Onların maraq dairəsinə düşmək, bir çox hallarda
ölkələrin və regionların inkişaf prioritetlərini dəyişə biləcək
gücdə olan kapital axınlarını cəlb etmək deməkdir. Azərbaycan bu
mənada artıq təkcə enerji ixracatçısı deyil, həm də rəqəmsal
transformasiya, bərpa olunan enerji və yüksək texnologiyalar üzrə
gələcək yönümlü bazar kimi təqdim olunur.”
A.Qarayev qeyd edib ki, Azərbaycanın bu qlobal oyunçularla
tərəfdaşlıqda olması isə sırf iqtisadi deyil, həm də geosiyasi
baxımdan strateji nəticələr doğurur.
“Belə ki, Qafqazda və daha geniş mənada Avrasiya məkanında
iqtisadi güc balansı getdikcə daha çox alternativ enerji, logistika
və texnoloji imkanlar üzərində qurulur. Bu sahələrdə ciddi kapital
cəlb edə bilən ölkələr regionun iqtisadi və siyasi gələcəyini
formalaşdırmaqda əsas söz sahibi olurlar. Azərbaycanın
“Blackstone”, “Brookfield” və “Neuberger Berman” kimi şirkətlərlə
əməkdaşlıq imkanları, məhz bu mənada strateji əhəmiyyət
daşıyır.
Görüşlər zamanı Azərbaycanın həyata keçirdiyi iqtisadi
islahatlar, investisiya mühitinin şəffaflaşdırılması, tənzimləyici
çərçivələrin beynəlxalq standartlara uyğunlaşdırılması kimi
məsələlər də gündəmdə olub. Bu da göstərir ki, ölkə rəhbərliyi
yalnız investorların pulunu cəlb etməyə çalışmır, eyni zamanda,
həmin kapitalın davamlı və səmərəli istifadəsi üçün institusional
mühitin təkmilləşdirilməsinə böyük önəm verir. Bu isə uzunmüddətli
xarici investisiya axınlarının əsas şərtlərindən biridir.”
Politoloq bildirib ki, ARDNF-in bu qurumlarla mövcud olan
tərəfdaşlığı – istər “Blackstone” ilə 1 milyard dollarlıq, istər
“Brookfield” ilə 660 milyon dollarlıq, istərsə də “Neuberger
Berman” ilə 600 milyon dollarlıq investisiya layihələri –
Azərbaycanın artıq passiv investisiya qəbul edən ölkədən aktiv
maliyyə iştirakçısına çevrildiyini göstərir.
“Bu investisiyalar yalnız maliyyə gəlirləri ilə deyil, həm də
transfer olunan bilik, texnologiya və idarəetmə təcrübəsi ilə ölkə
iqtisadiyyatına uzunmüddətli dəyər qatır.Digər mühüm aspekt isə bu
əməkdaşlıqların Azərbaycanın iqtisadiyyatını şaxələndirmə siyasəti
ilə birbaşa uzlaşmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə
son illərdə aparılan siyasət ölkəni neft gəlirlərindən asılılıqdan
çıxarıb, qeyri-neft sektorlarının – xüsusilə logistika,
rəqəmsallaşma, kənd təsərrüfatı, turizm və sənaye texnologiyaları –
inkişafına yönəlmişdir. Bu baxımdan, alternativ investisiya
fondlarının maraq dairəsi ilə Azərbaycanın prioritet sahələri
arasında ciddi sinxronluq mövcuddur.”

