Əli Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 26-da Milli Məclis sədrinin birinci müavini Əli
Əhmədov Çili Respublikası Milli Konqresi Senatının nümayəndə heyəti
ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Qonaqları salamlayan birinci vitse-spiker Azərbaycanın Çili ilə
əlaqələrin inkişafına maraq göstərdiyini deyib. Əli Əhmədov
xalqlarımızın birləşdirən ortaq bəşəri dəyərlərin, 30 ildən çox
davam edən diplomatik əlaqələrin iki ölkə arasında iqtisadi və
siyasi dialoqun inkişafına müsbət təsir göstərdiyi bildirib. Qeyd
olunub ki, Azərbaycan və Çili bir sıra sahələrdə və platformalarda
əməkdaşlıq edir.

Milli Məclis sədrinin birinci müavini hər iki ölkənin
parlamentlərində qarşılıqlı dostluq qruplarının olmasını yüksək
qiymətləndirib, parlamentlərarası münasibətləri ölkələr arasında
ikitərəfli və çoxtərəfli əlaqələrin mühüm tərkib hissələrindən biri
kimi dəyərləndirib. O, Çili senatorlarının bu səfərinin
Azərbaycan-Çili əlaqələrinin daha da inkişafına və möhkəmlənməsinə
töhfə verəcəyinə inamını ifadə edib.

Çili Milli Konqresi Senatının İnsan hüquqları daimi komitəsinin
sədri, Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri
Fransisko Çauhan qonaqpərvərliyə görə təşəkkür edib. Senator
ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi imkanları ilə
bağlı fikirlərini bölüşüb, bu münasibətlərin intensivləşməsində
parlamentlərin rolunu vurğulayıb.

Sonra Çili Senatının İqtisadiyyat daimi komitəsinin sədri Roxo
Edvards, Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan Karlos
Salazar Alvares Azərbaycanla Çili münasibətlərinin hazırkı
vəziyyəti, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi
perspektivləri barədə fikirlərini səsləndiriblər.

Söhbət tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir
mübadiləsi ilə davam etdirilib.