27 Sentyabr – tariximizin qəhrəmanlıq rəmzidir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqının yaddaşına həkk olunan ən mühüm tarixi
günlərdən biri 27 sentyabrdır. 2020-ci ilin məhz həmin günündə
Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan
Ordusu əks-hücum əməliyyatına başladı və bununla da 44 gün davam
edən Vətən müharibəsi başlandı. Bu gün isə ölkəmizdə “Anım Günü”
kimi qeyd edilir.

Anım Günü yalnız kədər və hüzn günü deyil, eyni zamanda
xalqımızın birliyinin, mübarizə əzminin və qəhrəmanlıq tariximizin
təcəssümüdür. Azərbaycan xalqı və dövləti həmin gün Vətən uğrunda
canından keçən şəhidlərin xatirəsini böyük ehtiramla yad edir.
Onların fədakarlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi,
ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq
qələbə qazandı. Bu qələbə təkcə hərbi uğur deyildi, həm də milli
ruhun, vətənpərvərliyin, xalq-ordu birliyinin möhtəşəm nümunəsi
oldu. Hər bir şəhidin qanı bu zəfərin təməlində dayanır, onların
qəhrəmanlığı gələcək nəsillər üçün əbədi örnəkdir.

27 sentyabrda Azərbaycan boyu bütün dövlət qurumları,
ictimaiyyət nümayəndələri, gənclər və minlərlə vətəndaş şəhidlərin
xatirəsini yad edir, onların məzarlarını ziyarət edir. Bu, həm də
dövlətimizin tarixə və qəhrəmanlarına verdiyi böyük dəyərin
göstəricisidir.

Anım Gününün keçirilməsi gələcək nəsillərin yaddaşında milli
qürurun, azadlıq sevgisinin və vətənpərvərlik ruhunun
möhkəmləndirilməsinə xidmət edir. Bu gün hər bir azərbaycanlı
qürurla deyə bilər ki, biz tarixi ədaləti bərpa etdik,
şəhidlərimizin qanı yerdə qalmadı.

27 sentyabr – Anım Günü həm şəhidlərin müqəddəs xatirəsinə
ehtiram, həm də xalqımızın Zəfər tarixinin unudulmaz səhifəsidir.
Bu gün biz bir daha şəhidlərimizin ruhu qarşısında baş əyir,
onların işıqlı xatirəsini ehtiramla yad edirik.

Milli Məclisin deputatı,

Əminə Ağazadə