
Bakı. Trend:
Üçüncü Nəsimi – şeir, mənəviyyat və incəsənət festivalının
bağlanışı Bakıda “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda
keçirilib.
Trend xəbər verir ki,
tədbirdə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili
ədəbi-bədii gecə təşkil olunub.
Gecə “Savalan” qrupunun ifasında “Söz” layihəsinin iştirakçıları
ilə şairlər və müsiqiçilərin birgə məclisi formatında qurulub. “Mən
ki, dərvişəm”, “Hardasan”, “Eşq əhli”, “Heyran olmuşam”,
“Sığmazam”, “Mənəm mən” və digər əsərlər səslənib.
Festivalın bağlanışının son təqdimatı isə fərqli tərzdə ifaları
ilə tanınan Çingiz Mustafayevin çıxışı olub. O, sufi motivləri
əsasında performans təqdim edib.
Sentyabrın 23-25-də Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə Bakıda və
şairin doğma yurdu Şamaxıda keçirilən Nəsimi – şeir, mənəviyyat və
incəsənət festivalı maraqlı təqdimatlar, premyeralarla yadda qalıb.
“İblis” əsəri və “Nəsimi dastanı” baletinin yeni quruluşda
təqdimatları isə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
2018-ci ildən təşkil olunan Nəsimi festivalı müxtəlif bədii ifadə
formaları vasitəsilə humanizm, sevgi və tolerantlıq mövzularını
araşdırmağı, mədəniyyətlər və nəsillər arasında yaradıcı dialoqu
təşviq etməyi hədəfləyir. Genişmiqyaslı tədbirin proqramı müxtəlif
sənət növləri və bilik sahələrini əhatə edir.

