“Nəsimi” festivalı çərçivəsində İçəri Şəhərdə bir sıra maraqlı performanslar nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondu və Azərbaycanın Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, İSESCO-nun dəstəyi ilə keçirilən “Nəsimi – şeir,
incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Bakının qədim
hissəsi – İçərişəhərdə maraqlı performanslar təqdim olunub.

Trend xəbər verir
ki, əvvəlcə XV əsrə aid görkəmli orta əsr Azərbaycan memarlığı və
dekorativ sənət abidəsi – Seyid Yəhya Bakuvi məqbərəsi önündə,
Şirvanşahlar Sarayı kompleksinin həyətində, İçərişəhərin qədim
divarları fonunda Nəsiminin “Məst” qəsidəsinin motivləri əsasında
hazırlanmış “Məst-i Dərviş” tamaşası nümayiş etdirilib. Ssenari
müəllifi – şair, yazıçı İlqar Fəhmi, quruluşçu rejissor, baş rolun
ifaçısı və sintez musiqinin müəllifi isə Əməkdar artist Bəhruz
Vaqifoğludur.

Bir saat ərzində qədim şəhərin dar küçələri və divarları sanki
şairin nəfəsi ilə doldu: Nəsiminin insanı Yaradanın zərrəsi, onun
dünyadakı özünəməxsus yeri və bu həyata gəliş missiyası barədə
fəlsəfəsinin əks olunduğu qəzəllər səsləndi. Möhtəşəm premyera
tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

“Heydər Əliyev Fondu bir çox ədəbi, musiqili, teatr tədbirləri
həyata keçirir, amma “Nəsimi” festivalı böyük şairin qədim irsinin
təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu qəsidə əslində
çox az tanınır, demək olar ki, heç yerdə rast gəlinmir. Xalq
artistimiz Cahangir Novruzov onu tapdı və səhnə formasında təqdim
etməyi təklif etdi. İlqar Fəhminin yazdığı mətndən istifadə edərək,
Dövlət Pantomima Teatrının aktyorlarının iştirakı ilə biz bu
tamaşanı yaratdıq. Əslində bu sadəcə tamaşa deyil – daha çox ritual
hərəkəti, ruhani performansdır”,- deyə Bəhruz Vaqifoğlu
bildirib.




Sonra Bayıl daşları adlandırılan ərazidə “Eşq-i nur” layihəsinin
təqdimatı keçirilib. Bu mistik səyahət üç ideya üzərində qurulub –
eşq, nur və nişanə. Layihənin əsasında təsviri sənət nümunələri,
canlı ekspozisiyalar və iyirmidən çox gənc rəssam tərəfindən
yaradılmış multimediya installasiyaları dayanır. Burada eşq sadəcə
hiss və ya emosiya kimi deyil, mənəvi missiya, varlığın əsasını
təşkil edən ilahi cazibə kimi təqdim olunub. Layihənin müəllifi və
kuratoru – Əməkdar rəssam Sabina Şıxlınskayadır.

Təqdimatlar silsiləsi xoreoqraf Lenay Seyidalızadənin “Sözün
ifşası” əsəri ilə davam edib. Bu əsərdə həqiqəti öz bədənində
daşıyan insan haqqında bəhs olunur: onun dərisi soyula bilər, amma
sözü qalır.

Nəzirin Məmmədova isə Nəsimi qəzəllərini muğam və elektron
musiqi ilə sintez edərək təqdim edib.

Qeyd edək ki, “Nəsimi” festivalının bağlanışı “Atəşgah”
tarix-memarlıq qoruğunda baş tutacaq. Burada “Savalan” qrupu böyük
şair Nəsiminin irsinə həsr olunmuş mənəvi-mistik musiqi-ədəbi
axşamı tamaşaçılara təqdim edəcək.