
Bakı. Trend:
Almaniyanın sənaye qrupu Bosch genişmiqyaslı işçi ixtisarlarını
açıqlayıb. Şirkət tezliklə Almaniyada əlavə 13 000 iş yerini ləğv
edəcək.
Trend xəbər verir
ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
İxtisarlar yalnız elektrik avtomobilləri və daxili yanma
mühərrikləri üçün komponentlər istehsal edən zavodlara deyil,
həmçinin mərkəzi bölmələr və satış departamentlərinə də təsir
göstərəcək.
Bosch bundan əvvəl 9 000 iş yerini ləğv etdiyini açıqlamışdı və
bu addımla ümumi işçi itkisi 22 min nəfərə çatacaq. Təsirlənən
müəssisələr arasında Foyerbah, Vayblinqen (istehsal tamamilə
dayandırılacaq), Şviberdinqen, Bül və Homburq (Saarland) zavodları
yer alır. Şirkət səbəb kimi “struktur dəyişiklikləri və qlobal
avtomobil bazarında şiddətli rəqabət”, eləcə də elektromobillərə
sürətlənmiş keçidi göstərib.
Qeyd olunur ki, 2024-cü ildə Bosch 3,8% gəlirlilik göstərib,
2025-ci ildə isə gəlir artımını yalnız 2% proqnozlaşdırır.

