Bakı. Trend:
2023–2024-cü illərdə “Uzbekistan GTL” zavodu təxminən 300 min
ton dizel yanacağı ixrac edib ki, bunun 200 min tonu Avropa
ölkələrinə Orta Dəhliz vasitəsilə göndərilib.
Trend xəbər verir
ki, bunu “Uzbekistan GTL”nin satış şöbəsinin mütəxəssisi Bəxtiyar
Aybergenov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı,
Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında
deyib.
“Azərbaycan ilə Özbəkistan arasında əldə olunan razılaşmalar
sayəsində Orta Dəhlizdən istifadə icazəsi verildi və bizim
Uzbekistan GTL zavodumuz dizel yanacağını Avropa və ABŞ ölkələrinə
Orta Dəhliz vasitəsilə ixrac etməyə başladı”, – deyə o
bildirib.
Aybergenov qeyd edib ki, hesabat dövründə 200 min ton neft ixrac
edilib. Zavod hesabat dövrü ərzində 250 milyon dollar gəlir
gətirib.
O həmçinin əlavə edib ki, “Uzbekistan GTL” zavodunda istehsala
başlanılan vaxt dizel yanacağının yerli bazarda qiyməti tonuna
1450–1500 dollar təşkil edirdi:
“İkinci xəttin işə düşməsi və zavodun tam gücü ilə fəaliyyətə
başlamasından sonra qiymət düşməyə başladı. Bununla belə, azalma
dövlət tənzimləməsi hesabına deyil, bazar qanunlarına uyğun olaraq
təbii şəkildə baş verib. Bu gün dizel yanacağının qiyməti təxminən
bir tonuna 920–950 dollar səviyyəsindədir”, – deyə Bəxtiyar
Aybergenov bildirib.

