Torontoda Vətən müharibəsi şəhidlərinin xatirəsi yad olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kanadanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Toronto
Universitetində 27 Sentyabr – Anım Gününün 5-ci ildönümü ilə bağlı
“Sülhün Əks-sədası” adlı tədbir keçirilib. Tədbir “Vətən”
Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə
baş tutub.

Komitədən Trend-ə verilən məlumata görə, anım tədbirində
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov,
Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş, Pakistanın
Torontodakı baş konsulu Khalil Ahmed Bajwa, Azərbaycanın BMT-dəki
sabiq daimi nümayəndə müşaviri, tarixçi İlqar Məmmədov, “Vətən”
Mərkəzinin və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova və
Kanadadakı Azərbaycan diasporunun nümayəndələri iştirak
ediblər.

Tədbir Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.




Qonaqlar çıxışlarında Anım Gününün tarixi əhəmiyyətindən
danışıblar. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı Azərbaycan
Ordusunun böyük Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin həmin
gün başladığını xatırladıblar. Qəlbləri Vətənlə döyünən
soydaşlarımızın dünyanın müxtəlif ölkələrində şəhidlərimizin
qəhrəmanlığını və Vətən qarşısında misilsiz xidmətlərini yad
etdikləri dilə gətirilib. Dünyada sülhün və əmin-amanlığın bərqərar
olunmasına dair çağırışlar səsləndirilib.

Amerikalı musiqiçi, Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri
Verbokun təqdimatında “Şuşa” sənədli filmi nümayiş olunub. O,
həmçinin kamançada Azərbaycan muğamından nümunələr ifa edib.

Tədbirin sonunda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət
göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri və
gənclərin iştirakı ilə hazırlanan bədii kompozisiya təqdim
olunub.