
Bakı. Trend:
Azərbaycanla Özbəkistan arasında “Əməkdaşlıq Proqramı”
imzalanıb.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, əvvəlcə Özbəkistan Baş Prokurorluğunda ikitərəfli
görüş keçirilib.
“Görüşdə ölkəmizin nümayəndə heyətini səmimi salamlayan
Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldaşev dövlətlərimiz
arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq
münasibətlərindən, o cümlədən prokurorluq orqanları arasında olan
yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə
edib. O, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq
təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd
edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı
münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə
əminliyini bildirib”.
Baş prokuror Kamran Əliyev yüksək qonaqpərvərliyə və səmimi
qəbula görə həmkarına minnətdarlığını bildirərək, təməli xalqımızın
Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən
Özbəkistan – Azərbaycan münasibətlərinin siyasi, iqtisadi, mədəni
və digər sahələrdə də inkişaf etdirildiyini, hər iki dövlət
başçısının siyasi iradələrinin təzahürü kimi 23 avqust 2024-cü il
tarixdə Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə
Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında
Müqavilə”dən sonra reallaşan strateji layihələrin ölkələrimizi daha
da yaxınlaşdıracağını, xalqlarımızın rifahına xidmət göstərəcəyini
qeyd edib:
Baş prokuror, həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan
tarixi zəfərdən sonra, Özbəkistan dövləti tərəfindən Qarabağda
aparılan geniş quruculuq bərpa işlərinə göstərilmiş dəstəyi xüsusi
vurğulayaraq, 23 avqust 2023-cü il tarixdə inşa olunan Mirzə
Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını, hər iki dövlət
başçısının iştirakları ilə cari ilin 2 iyul tarixində Bakı
şəhərində Özbəkistan səfirliyinin yeni binasının açılışını və həmin
tarixdə dövlət başçıları tərəfindən “Özbəkistan” parkının təməlinin
qoyulmasını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə
edilməklə gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında
fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Baş prokurorlar tərəfindən mövcud sahəvi
əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə
“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Özbəkistan
Respublikasının Baş Prokurorluğu arasında 2026-2027-ci illər üçün
nəzərdə tutulmuş Əməkdaşlıq Proqramı” imzalanıb.
Proqramda tərəflərin “Cinayət yolu əldə edilmiş aktivlərinin
xaricdən qaytarılması mexanizmləri” mövzusunda seminarda,
prokurorluq orqanlarının kadr hazırlığı və ixtisasartırılması üzrə
Özbəkistan Respublikasının Hüquq-mühafizə Akademiyasının illik
konfransında iştirakları, həmçinin “Prokurorun işlərə məhkəmələrdə
baxılmasında iştirakı” mövzusunda seminarın və “Prokurorluq
orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması” mövzusunda
“dəyirmi masanın” təşkili nəzərdə tutulub.
Bundan başqa, Baş prokuror Kamran Əliyev sentyabrın 25-də Türk
Dövlətləri Təşkilatına üzv Dövlətlərin Baş Prokurorları Şurasının
4-cü iclasında iştirak edib.
Baş prokuror çıxışında mühüm tədbirin təşkilinə görə Özbəkistan
Respublikasının Baş prokuroru Niqmatulla Yuldaşevə dərin
minnətdarlığımı bildirib, Azərbaycan Respublikasında Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin
əsas istiqamətlərindən biri kimi rəqəmsallaşma və elektron
idarəetmənin inkişafı olduğunu vurğulayaraq, Azərbaycan
Prokurorluğunun fəaliyyətində müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini işıqlandırıb.
Nümayəndə heyətinin səfəri davam edir.

