1-ci Azərbaycan – Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimi ADA Universitetində keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 25-də ADA Universitetində İnkişaf və Diplomatiya
İnstitutunun (Institute for Development and Diplomacy – IDD)
təşkilatçılığı ilə 1-ci Azərbaycan – Birləşmiş Krallıq Siyasət
Dialoqunun açılış mərasimi baş tutub.

Trend xəbər verir ki,
Britaniya-Azərbaycan Ticarət Palatası və bp şirkətinin tərəfdaşlığı
ilə həyata keçirilən tədbirdə 50-dən çox ekspert iştirak edib.
İştirakçılar arasında parlament üzvləri, yüksək vəzifəli hökumət
rəsmiləri, universitetlərin və beyin mərkəzlərinin tədqiqatçıları,
media nümayəndələri və müstəqil ekspertlər yer alıb.

İki gün davam edəcək tədbir dəyişən qlobal nizamda
Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli münasibətləri və strateji
tərəfdaşlıq, Cənubi Qafqazda regional təhlükəsizlik, əməkdaşlıq,
xarici siyasət prioritetləri, enerji əməkdaşlığı, təhsil, elm və
innovasiya yolu ilə ictimai diplomatiya məsələlərinə həsr olunub.
Dialoq regional və qlobal çağırışlar üzrə qarşılıqlı anlaşma və
praktiki əməkdaşlığa təkan verəcək.




Açılış mərasimində ADA Universitetinin prorektoru və Milli
Məclisin deputatı Fariz İsmayılzadə, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan
Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus
Auld
, və bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti
Bəxtiyar Aslanbəyli çıxış ediblər.

Proqramın “Dəyişən Qlobal Nizamda Azərbaycan- Birləşmiş Krallıq
İkitərəfli Münasibətləri və Strateji Tərəfdaşlıq” mövzusuna həsr
olunmuş ilk panelində Britaniya Parlamentinin Lordlar Palatasının
üzvü Lord Aamer Sarfraz, Britaniya Parlamentinin keçmiş deputatı
David Duguid, daha sonra Azərbaycan Respublikası Milli Məclisinin
deputatları Səməd Seyidov və Sevinc Fətəliyeva iştirak ediblər.

Tədbirin ilk günü iştirakçılardan Böyük Britaniya Abraham
Accords Group-un sədri Sir Liam Fox, The City of London
Korporasiyasının Aldermanı Prof. Emma Edhem, Böyük Britaniya
parlamentinin keçmiş deputatı və keçmiş xarici işlər naziri Rehman
Chishti və Böyük Britaniya parlamentinin keçmiş deputatı Dr.
Matthew Offord Azərbaycan və Birləşmiş Krallıq arasında strateji
tərəfdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin
möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının
əhəmiyyətini qeyd ediblər.