Heidi Kuhn Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Qlobal məsələlər üzrə Müşaviri təyin olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu barədə Sammitin prezidenti Yekaterina Zaqladina Azərbaycanın
yaxın dostu Heidi Kuhnə rəsmi məktub ünvanlayıb. Məktubda
bildirilir ki, “Sülhün Kökləri” (Roots of Peace) təşkilatının
təsisçisi və 2023-cü ilin Dünya Ərzaq Mükafatı laureatı olan xanım
Heidi Kuhn 23 sentyabr 2025-ci il tarixində “Qlobal Məsələlər üzrə
Müşavir” (Counselor for Global Affairs) tituluna layiq görülüb.

Trend xəbər
verir ki, Yekaterina Zaqladina məktubunda qeyd edib:

“Siz bütün fəaliyyətinizi sülhü kənd təsərrüfatı vasitəsilə
təşviq etməyə yönəltmiş və bu yolda göstərdiyiniz xidmətlərlə Ərzaq
və Kənd Təsərrüfatı sahəsinin “Nobel Mükafatı” sayılan 2023-cü il
Dünya Ərzaq Mükafatı Laureatı fəxri adını qazanmısınız. Bu təltif
sizə olan dərin hörmətimizi bildirir və dünya miqyasında sülhün
təşviqinə olan sadiqliyinizə ehtiram əlaməti olaraq təqdim
olunur.”




Məktubda, Heidi Kuhnün fəaliyyət dairəsinə daxil olan ölkələr
arasında Azərbaycanın da adı qeyd olunur. Onun münaqişədən
zərərçəkən ərazilərdə minaların təmizlənməsi və kənd təsərrüfatının
bərpasına yönəlmiş təşəbbüsləri ilə 10-a yaxın ölkədə bu problemin
qlobal miqyasda tanıdılmasına və həllinə mühüm töhfə verdiyi
vurğulanıb.

1988-ci ildə ağır xəstəliklə üzləşməsinə baxmayaraq, Kuhn öz
həyatını mina təhlükəsinə qarşı mübarizəyə həsr etmişdir. Onun
rəhbərlik etdiyi “Minalardan üzümlüklərə” təşəbbüsü nəticəsində
milyonlarla mina sahəsi təmizlənmiş, səkkiz milyondan çox meyvə
ağacı əkilmiş, bir milyondan artıq fermer və ailə
faydalanmışdır.

Sammitin rəhbərliyi, həmçinin, vurğulayır ki, bütün bu
xidmətlərinə görə Kuhn-a təqdim edilən titul onun uzunmüddətli
humanitar missiyasına olan hörmətin və beynəlxalq miqyasda
tanınmasının göstəricisidir.