Azərbaycanda ilk dəfə kasetli silahlar problemi barədə hesabat hazırlanıb

Baş səhifə

Bakı. Trend:

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi
Azərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlar
problemi barədə təhqiqat aparıb.

Trend xəbər
verir ki, kasetli silahlar probleminin miqyası və qurbanları barədə
yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün
Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb və çap
etdirilib.

Hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə
qeyri-texniki tədqiqat (fiziki müdaxilə edilmədən təhlükəli ərazidə
partlayıcı sursatların olub- olmaması, olduğu halda onların növünün
və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və
təhlili sahəsində işlər) və texniki tədqiqat (fiziki müdaxilə
edilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması,
olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı
məlumatların toplanılması və təhlili sahəsində işlər) işləri tam
başa çatdıqdan sonra kasetli silahlarla çirklənmənin tam miqyası
daha dəqiq bilinəcək.




Beləliklə, bu layihə çərçivəsində Füzuli, Beyləqan, Goranboy,
Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarla
edilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülki
əhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərə
məxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin və
kommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilib.

Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına və
beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi
əraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilib.

Təhqiqat zamanı aparılmış monitorinqlər, rəsmi şəxslərlə və
kasetli silah qurbanları ilə keçirilmiş görüşlər və müsahibələr
göstərir ki, kasetli silahlarla zərbə endirilmiş ərazilərdə şəxsi
heyət, hərbi texnika və ya nəqliyyat vasitələri olmayıb.