Azərbaycan və Gürcüstan mərkəzi bankları maliyyə sahəsində əməkdaşlığı dərinləşdirir

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Respublikasının Milli Bankının (GMB) nümayəndə heyəti
Azərbaycan Respublikasının Mərkəzi Bankına (AMB) təcrübə mübadiləsi
məqsədilə səfər edib.

Bu barədə Trend
AMB-yə istinadən xəbər verir.




Səfərin əsas məqsədi ikitərəfli texniki əməkdaşlıq çərçivəsində
ölkələrin maliyyə sahəsində tənzimləyici qurumları arasında peşəkar
dialoqun genişləndirilməsindən ibarət olub. Görüş zamanı GMB
nümayəndə heyəti beynəlxalq maliyyə təşkilatları tərəfindən
buraxılan istiqrazların qeydiyyatı və emissiyasının tənzimlənmə
çərçivəsi, həmçinin qiymətli kağızların ticarəti, depozitar və
ticarətsonrası sistemin fəaliyyəti və digər mühüm mövzular üzrə
təmsil etdikləri qurumun təcrübəsini bölüşüb. Bundan əlavə,
beynəlxalq maliyyə təşkilatları tərəfindən yerli valyutada
buraxılan istiqrazların daxili maliyyə bazarları üçün potensial
əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu səfər cari ilin mart ayında AMB ilə GMB arasında
imzalanmış Anlaşma Memorandumu çərçivəsində təşkil olunub.
Memorandumun məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank
nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları
sahəsində əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Memorandum
çərçivəsində təcrübə və məlumat mübadiləsinin aparılması, təlim və
birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi
məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkili də
nəzərdə tutulub.