BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Baş səhifə

Bakı. Trend:

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 25 sentyabr 2025-ci il
tarixində BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində
təşkilatın Nyu York şəhərində yerləşən mənzil qərargahında “Bujival
razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa
dekolonizasiya?” adlı beynəlxalq konfrans keçiriləcək.

Trend xəbər verir ki,
konfransda Fransanın Dənizaşırı əraziləri — Kanaki (Yeni
Kaledoniya), Qvadelup, Martinik, Reyunyon, Mahoi Nui (Fransız
Polineziyası), Fransız Qvianası, eləcə də Niderlandın Boneyra,
Aruba, Sen Martin kimi müstəmləkə ərazilərində fəaliyyət göstərən
müstəqillik hərəkatlarının liderləri, dekolonizasiya üzrə
beynəlxalq ekspertlər, həmçinin əsası Bakıda qoyulmuş Beynəlxalq
Dekolonizasiya Cəbhəsinin nümayəndələri iştirak edəcək.

Konfransda Fransa tərəfindən “sabitlik və birgə gələcək” kimi
təqdim edilən Bujival razılaşmasının əsl mahiyəti müzakirə
ediləcək, bu sazişin şərtləri Yeni Kaledoniyanı müstəqilliyə
çatdırmalı olduğu Matinyon və Noumea sazişləri ilə müqayisə
ediləcək.

Tədbirdə Kanak xalqının nümayəndələri Bujival sazişini niyə rədd
etdiklərini geniş ictimaiyyətə açıqlayacaqlar.

Konfransda həmçinin Bujivaldan sonrakı dövrdə Kanaki (Yeni
Kaledoniya) və digər Dənizaşırı ərazilərin gələcəyi, Fransa
tərəfindən BMT qarşısında götürülmüş, lakin uzun illərdir icra
edilməyən öhdəliklərin yerinə yetirilməməsinin beynəlxalq
təşkilatların gündəliyində saxlanılması məsələləri, həqiqi
dekolonizasiya prosesinə keçidin yolları və bu xüsusda birgə
addımların atılması diqqət mərkəzində olacaq.

Konfransın sonunda birgə bəyanatın qəbul edilməsi
gözlənilir.

Tədbir bitdikdən sonra koloniyaların təmsilçiləri tərəfindən BMT
ofisinin qarşısında dinc etiraz aksiyası keçiriləcək.