
Bakı. Trend:
SOCAR İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan
“Italiana Petroli” (IP) şirkətinin 99,82% səhmlərinin “API
Holding”dən alınması barədə saziş imzalayıb.
Trend
xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, əməliyyatın ənənəvi bağlanış şərtlərindən və
müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq, 2026-cı ilin
birinci rübündə tamamlanması gözlənilir. Saziş SOCAR-ın 2024-cü
ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli “M&A”
prosesinin nəticəsidir.
“Italiana Petroli” İtaliyanın ən böyük inteqrə olunmuş
“downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə
yanacaqdoldurma məntəqəsinə, ildə təqribən 10 milyon ton emal
gücünə malik iki neft emalı zavoduna, bitum, aviasiya yanacağı və
sürtgü yağları kimi xüsusi məhsulların satışına və bütün ölkəni
əhatə edən logistika sisteminə malikdir.
Şirkət təcrübəli yerli idarəçi komanda və təhlükəsizlik,
uyğunluq və səmərəliliyə diqqəti ilə tanınan peşəkar işçi heyəti
tərəfindən idarə olunur, müştərilər və fəaliyyət göstərdiyi icmalar
arasında güclü reputasiyaya sahibdir. SOCAR IP-nin möhkəm bazar
mövqeyini, nüfuzunu qorumaq və daha da gücləndirmək üçün şirkət
komandası ilə əməkdaşlığı davam etdirməyi, həmçinin müştərilərə,
tərəfdaşlara və maraqlı tərəflərə yüksək keyfiyyətli xidmətlərin
fasiləsiz çatdırılmasını təmin etməyi planlaşdırır. SOCAR işçi
qüvvəsini azaltmayacaq və şirkətin strategiyasına uyğun olaraq
ətraf mühitə hörmət onun İtaliyadakı fəaliyyətində prioritet
istiqamət olacaq.
Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunun
genişləndirilməsi istiqamətində mühüm mərhələdir və Azərbaycanın
İtaliya ilə ikitərəfli iqtisadi və enerji əlaqələrinin
möhkəmləndirilməsinə, eyni zamanda Avropa regionunun enerji
təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə vermək öhdəliyini əks
etdirir.
“API Holding” detallı seçim prosesindən sonra SOCAR-ın
institusional profili və biznes sahəsindəki zəngin təcrübəsi
nəticəsində IP-dəki bütün payını satmaq qərarını verdi. “API
Holding” hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye
qrupuna satış IP-yə illər ərzində mövcud idarəetməni
səciyyələndirən mükəmməllik axtarışını davam etdirməyə imkan
verəcək, korporativ istedadların dəyərləndirilməsi, Qrupun qlobal
miqyasda mövqeyinin möhkəmləndirilməsi və Aralıq dənizində strateji
mərkəz kimi missiyasının təsdiqlənməsi ilə müşayiət olunacaq.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib:
“Italiana Petroli”nin alınması beynəlxalq diversifikasiya
strategiyamızın həyata keçirilməsində mühüm addımdır. Bu,
rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin
inkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerji
təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında
tərəfdaşlığı daha da gücləndirir”.
Sədr Uqo Braketti Peretti bəyan etdi:
“IP yanacaq sektorunda ölkə səviyyəsində istinad nöqtəsi olub və
qalmaqda davam edir, həmçinin İtaliyada mobillik və enerji
təhlükəsizliyi əsas aktordur.
90 ildən artıq müddətdə İtaliyanın önəmli şirkətlərindən birinə
çevrilmiş bu quruma rəhbərlik etdikdən sonra biz gələcək sahiblərə
bilik, qeyri-adi peşəkarlar, zəngin təcrübə və innovasiya etməkdə
müstəsna bacarıqdan ibarət möhkəm bir miras buraxmaqdan qürur
duyuruq.
İdarə heyətinə və bütün əməkdaşlara səmimi təşəkkürümüzü ifadə
edirik. Onların səmərəli fədakarlığı sayəsində əla nəticələrimiz
reallığa çevrildi və bu şirkət bazarda əsas oyunçulardan birinə
çevrilərək yüksək səviyyəli beynəlxalq qurumlardan investisiyalar
cəlb etmək gücünə malik oldu.”

