
Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, eləcə də digər
ərazilərdə, ağız və dırnaq xəstəliyindən azad zonaların (FMB)
yaradılması üçün peyvəndləmə prosedurları başlanılıb.
Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyinin sədr müavini Zəkiyə Mustafayeva bu gün Bakıda
keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci
günündə bildirib.
Onun sözlərinə görə, bu status tanındıqdan sonra heyvan
məhsullarının ixracına və ölkəmizdən tranzitinə olan bir sıra
mövcud məhdudiyyətlər aradan qaldırılacaq: “Son illərdə kənd
təsərrüfatı və qida məhsullarının ixracının genişləndirilməsində
mühüm irəliləyişlər əldə olunub. Digər əhəmiyyətli nailiyyət isə
“yaşıl dəhliz” mexanizminin tətbiqi olub. Bu mexanizm vasitəsilə
qoz-fındıq, yun, dərilər, balıq və kaviar kimi məhsulların Avropa
İttifaqına ixracına icazə verilib. Bundan əlavə, Azərbaycan
məhsulları ABŞ və Birləşmiş Ərəb Əmirliklərinə, fındıq və badam isə
Çin Xalq Respublikasına ixrac imkanı qazanıb.
Hal-hazırda balıq və əlaqəli məhsulların Avropa İttifaqı
ölkələrinə, zeytun məhsullarının Çin Xalq Respublikasına, həmçinin
digər məhsulların Sinqapura ixracı üçün icazələrin alınması
üzərində işlər davam edir”.
Agentlik rəsmisi qeyd edib ki, qida təhlükəsizliyi sahəsində
görülən bütün tədbirlər biznes və investisiya mühitinə bir neçə
istiqamətdə töhfə verir: “Şəffaflıq və etibar təmin edir,
beynəlxalq bazarlara çıxışı asanlaşdırır, rəqabət qabiliyyətini
artırır və xarici investisiyaların cəlb olunmasına töhfə verir.
Beynəlxalq standartlara uyğun istehsal xarici investorlar üçün
əminlik yaradır.
Nəticədə, uzun müddətdə aparılan islahatlar davamlı inkişafı
dəstəkləyəcək və Azərbaycanı qida təhlükəsizliyi sahəsində regional
mərkəz kimi möhkəmləndirəcək”.

