Azərbaycanın 10 şəhərinin planı təsdiq mərhələsindədir – Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın bütün şəhər və qəsəbələri 20 illik baş planlarla
idarə olunur və bu planlar mütəmadi olaraq yenilənir ki, dəyişən
tələblərə, yeni trendlərə və siyasət prioritetlərinə uyğunlaşsın.
İndiyədək 79 şəhərin 65-i üçün baş plan yenilənib, daha 10 şəhərin
planı təsdiq mərhələsindədir.

Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, bu işlər beynəlxalq təcrübəli şəhərsalma
mütəxəssislərinin iştirakı ilə həyata keçirilir və qlobal qabaqcıl
təcrübə ilə uyğunluq təmin olunur:




“Müasir planlaşdırma fəlsəfəmizin bariz nümunəsi Bakı Baş
Planıdır. Hazırda tarixi transformasiya mərhələsində olan bu plan
insan mərkəzli inkişaf, davamlılıq və dayanıqlılıq prinsiplərinə
əsaslanır. Bakının Baş Planının ən mühüm yeniliklərindən biri
çoxmərkəzli inkişaf modelinin qəbul edilməsidir. Yəni bütün
fəaliyyətin yalnız bir mərkəzdə cəmlənməsi əvəzinə, paytaxt
ərazisində bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi
yaradılır – hər biri özünəməxsus xüsusiyyətləri, infrastrukturu və
iqtisadi funksiyası ilə.

Şəhərsalma yanaşmamız əsas prinsiplərə söykənir: piyada
hərəkətinin asanlığı və insan mərkəzli dizayn, inteqrasiya olunmuş
ictimai nəqliyyat sistemləri ilə dəstəklənən multimodallıq və şəhər
kimliyinin əsas elementi kimi mədəni irsin qorunması”.